Mühüm turizm marşrutuna daxil olan Qax-Zaqatala yolu yenidən qurulub - VİDEO / FOTO

3 Noyabr 2018- 08:42
11 Mühüm turizm marşrutuna daxil olan Qax-Zaqatala yolu yenidən qurulub - VİDEO / FOTO

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yol ötürücüləri tikilib və ya əsaslı şəkidlə bərpa olunub. Hal-hazırda da bu çərçivədə işlər yüksək keyfiyətlə davam etdirilir. Yenidənqurma işlərinin davam edərək yekunlaşdığı yollardan biri də Qax-Zaqatala yoludur.

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

 

Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.

 

Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir.

 

Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə yeraltı keçidi tikilib. Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23.2 m və Süzgənc çay üzərində uzunluğu 46 m olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb.”

Yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m uzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılıb. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb.

 

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verib. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalıb.