AAYDA-də 100 illik yubiley ilə əlaqədar qanvermə aksiyası keçirilib - VİDEO / FOTO

15 Noyabr 2018- 13:37
11 AAYDA-də 100 illik yubiley ilə əlaqədar qanvermə aksiyası keçirilib - VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Azərbaycan Avtomobil Yollarının 100 illik yubileyi ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilib.

 

Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Dövlət Agentliyinin, Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının birgə təşəbbüsü ilə keçirilib.

 

Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi, Agentliyin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. 

 

Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara   yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

 

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

 

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu  bildiriblər.

 

Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır.