Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir.
Dövlət başçısının hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməklə yük və sərnişin daşımasını asanlaşdırmaq istiqamətində verdiyi sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir-neçəsində işlər yekunlaşıb.
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq icra edilərək yekunlaşdırılan layihələrdən biri də 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.
7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə qeyd olunan problem artıq öz həllini tapıb.
Anar Nəcəfli - AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
"Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılıb. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb."
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik 16.5 min kv.m sahədə yeni piyada səkiləri tikilib, kənarlarına 11 min paqon-metrdən çox yeni səki daşı düzülüb.
Tikinti layihəsinə uyğun olaraq, yolun köhnə asfalt-beton örtüyünün üst qatı 32.6 min kv.m sahədə frezlənərək kənara daşınıb, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız qruntu 28 min kub.m həcmdə qazılaraq çıxarılıb, 24 min kub. m-dən çox yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib. Genişləndirilmiş və qazılaraq doldurulmuş ərazilərdə optimal-qırmadaş qarışığından ibarət 4600 kub.m həcmdə yol əsasının inşası işləri də görülüb.
Tikinti norma və standartlarına uyğun olaraq bundan sonra yolun asfaltlanması işləri aparılıb. Yola ərazilərdən asılı olaraq 10 min kv.m sahədə düzləndirici asfalt-beton qat döşənib. Daha sonra xırda və iri dənəli olmaqla yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 60 min kv.m-ə yaxın sahəni əhatə edib.
Texnoloji ardıcıllıqla aparılan tikinti işləri çərçivəsində 11 avtobus dayanacağı və yol boyu yeni yol nişanları quraşdırılıb, 18 km uzunluğunda yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılıb.