Bakı Dairəvi yolu ilə A.M.Şərifzadə küçəsi arasında yeni bağlantı yaradılıb - VİDEO / FOTO

11 Dekabr 2018- 15:57
11 Bakı Dairəvi yolu ilə A.M.Şərifzadə küçəsi arasında yeni bağlantı yaradılıb - VİDEO / FOTO

Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür.

 

Bu tədbirlər çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradacaq avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir.

 

Cari ilin fevral ayında tikintisinə başlanılmış yeni yolun uzunluğu 1310 metr təşkil edir. Yol I texnikihi dərəcəyə uyğun inşa edilib. 4 hərəkət zolaqlı olan yolun ümumi eni 18.5 metrdir.

 

Tikinti layihəsinə uyğun olaraq yeni yol yatağı inşa olunub. Yolun profilə salınması üçün relyefdən hündür hissələr aşağı salınıb. Bunun üçün 160 metrlik hissədə qazma işləri görülüb. Qazma hissədə 318 metr uzunluğunda monolit dəmir beton istinad divarı tikilib, o cümlədən 294 ədəd diametri 1000 mm olan 16 metr uzunluğunda dəmir beton svaylar vurulub. Yolun tikintisində 155 min kub.m qazma işləri, 53 min kub.m tökmə işləri aparılıb.

 

Layihəyə uyğun olaraq yolun tikintisi altına düşən 91 maneə, daha dəqiqi yaşayış, qeyri-yaşayış və torpaq köçürülmələri həyata keçirilib. Yolun tikintisi altına düşən kommunikasiya xətləri də köçürülərək yenidən tikilib. Bu çərçivədə layihə boyu diametri 500mm, 300mm, 200mm və 100mm yeni kanalizasiya xətləri çəkilib, kanalizasiya quyuları yenilənib, diametri 300mm, 100mm və digər borularla yeni su xətləri çəkilib, elektrik kabelləri dəyişdirilib, 3 ədəd transformator məntəqəsi köçürülərək yenidən tikilib, rabitə xətləri dəyişdirilib, yeni quyular quraşdırılib, qaz xətləri köçürülərək yeni borularla əvəzlənib.

 

Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura 30 sm hündürlükdə optimal tərkibli qum-çınqıl qarışığından alt və 15 sm hündürlükdə qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb. Tikinti işləri çərçivəsində 220 metr uzunluğunda və 11 metr enində 2 hərəkət zolaqlı köməkçi yol, həmçinin uzunluğu 2620 metr, eni 1.5 metr olan səkilər və uzunluğu 1310 metr, eni isə 1 metr olan yol ayrıcının inşası işləri aparılıb. Yol ayrıcında 67 dayaqdan ibarət yrni işıqlandırma sistemi quraşdırılıb, ayrıcı zolaqda 1000 kv.m bəzək daşları düzülüb.

 

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 3 laydan ibarət və 28 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də yekunlaşmaq üzrədir.

 

Anar Nəcəfli - AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

"Yeni yolun inşası ilə Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradılacaq. Nəticədə sürücülər Badamdar şossesindən istifadə etməməklə birbaşa A.M.Şərifzadə küçəsinə və Bakı Dairəvi yoluna çıxış əldə edəcəklər. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvana çatmasına, Badamdar şossesi istiqamətində xüsusən günün pik saatlarında olan nəqliyyat sıxlığının xeyli dərəcədə azalmasına şərait yaradacaq."

 

 

Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Layihənin sonuncu mərhələsində  yol boyu 64 ədəd yeni yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 10.5 km uzunluğunda yolun üfiqi nişanlanma xətləri çəkiləcək.