Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi yekunlaşır - VİDEO / FOTO

10 Dekabr 2018- 10:04
11 Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi yekunlaşır - VİDEO / FOTO

Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılır.

 

Sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir. Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədi ilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol  4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edir. Yol üzərində 2 tunel də inşa olunur.

 

İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

 

Əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri artıq bitib. Bu çərçivədə yararsız qrunt təqribən 160 min kub.m həcmdə qazılaraq çıxarılıb. Bundan başqa yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23.5 metr enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb. Daha sonra yol boyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılıb.

 

Yol boyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2727 metr uzunluğunda yol ayrıcı da inşa edilib, qrunt sularını axıdılması üçün isə 1372 metr uzunluğunda, 300 mm diametrində drenaj borular çəkilib. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metrdir. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kv.m sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kv.m sahədə isə çiyinlərin tikintisi aparılır. Layihə çərçivəsində əsas yol boyu ayrıcı zolaq və səkilərin kənarlarına 8200 paqon-metr səki daşı düzülür, 16 ədəd yol nişanı və 3400 paqon-metr metal sədd çəpərləri quraşdırılır.

 

Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət 2 tuneldən birinin inşası artıq yekunlaşdırılıb. Tunellərin uzunluqları müvafiq olaraq 320 metr (qapalı hissə 98 m) və 274 metr (qapalı hissə 26 m) təşkil edir. Tunellərin hərəkət hissəsinin eni isə 28 m-dir. Tinellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyün konstruksiyası daxildir.

 

Tunellərin inşası məqsədi ilə monolit dəmir-beton svayların vurulması işləri görülüb. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22 800 metr olan 1000 mm diametrli svaylar vurulub. Bundan başqa tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılıb, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunub, divar, sütun və tavan üzlük materiallarla üzlənib.

 

Layihəyə uyğun olaraq, tunellərdə 180 metr uzunluğunda monolit dəmir-beton su axıdan kanal quraşdırılıb, döşəmənin altındakı qrunt sularının kənara axıdılması üçün 300 və 500 mm diametrində 3520 metr uzunluğunda metal borular quraşdırılıb, həmçinin 1400 və 1600 mm diametrli su kəmərlərinin mühafizəsi üçün qapalı monolit dəmir-beton tunel inşa olunub.

 

Aparılan işlər çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar tikilir. Qovşaqların ətrafında 300 kv.m sahədə səki inşa edilir, qovşaqların ərazisində 655 metr uzunluğunda səki daşları düzülür.

 

Sutkanın qaranlıq saatlarında yolun işıqlandırılması üçün müasir işıqlandırma sistemi qurulur, yol boyu bir və iki tərəfli işıqlandırmanı təmin edən 461 ədəd işıq dirəkləri, həmçinin yeni yolda 4 avtobus dayanacağı quraşdırılır.

 

Anar Nəcəfli - AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

"Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işlərinə uyğun olaraq torpaqların alınması və müxtəlif təyinatlı maneələrin, yəni hərbi təyinatlı obyektin, biznes obyektlərinin, fərdi yaşayış evlərinin sökülməsi, həmçinin yola düşən yüksək gərginlikli hava xəttinin dayağının, əhali və sənaye obyüktləri üçün nəzərdə tutulmuş 250 mm diametrində 2 ədəd qaz xəttinin, uzunluğu 300 metr, diametr 300 mm olan kanalizasiya xətlərinin və yüksək təzyiqli qaz və neft xətlərinin köçürülməsi və mühafizəsi, həmçinin 90 metr uzunluğunda və 530 mm diametrində yeni kanalizasiya xəttinin çəkilməsi işləri də aparılıb."

 

 

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə,  bundan başqa Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa yuxarıda sadalanan qəsəbələrin sakinlərinin Ziya bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.

 

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafiklə mövcud tikinti norma və standartlarına uyğun şəkildə yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Faktiki tikintidə fiziki tərəqqı 90 təşkil edir və yeni yolun tikintisinin bu ilin sonuna kimi yelunlaşdırılması nəzərdə tutulub.