Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü ( 80 km ) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287,805-ci ( 87,805 km ) kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə davam etdirilir.
2011-ci ilin dekabr ayından I texniki dərəcəyə uyğun qurulmasına başlanılan Hacıqabul-Kürdəmir, 2012-ci ilin noyabr ayından yenidən qurulmasına başlanılmış Kürdəmir-Ucar-Yevlax yollarının layiləndirilməsində müəyyən dəyişikliklərin edilməsi, yolun təhkim zolağına düşən torpaq sahələrinin və tikililərin satınalınması zamanı yaranan razılaşma problemləri və sair səbəblər ucbatından gecikmələr baş verib.
Lakin “Azəryolservis” ASC rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində hazırda işlər tam olaraq sürətləndirilib. Layihələr üzrə artıq son tamamlanma işləri həyata keçirilir və bu ilin sonuna kimi vətəndaşlar I texniki dərəcəyə uyğun yenidənqurulmuş yoldan rahat şəkildə istifadə edə biləcəklər.
Hər iki layihə üzrə yolun ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur. Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasın alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 sm-dir ( bitumlu lay 12 sm.,əlaqələndirici lay 8 sm., aşınma layı 5 sm.)
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Girdman çayı üzərində köhnə hidravlik körpünün gücləndirilməsi ilə əlaqədar söküntü işləri yekunlaşdırılıb, svay vurma işləri aparılır. 54 svaydan artıq 26-ı vurulub.
Bundan başqa yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, dayanacaqlarda səki daşlarının düzülməsi işləri yekunlaşdırılıb, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.
Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq görülərək, yekunlaşdırılıb, 12 sm bitumlu lay və 8 sm əlaqələndirici lay olmaqla 20 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 sm qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.
Ümumilikdə Hacıqabul-Kürdəmir avtomobil yolununda fiziki işlərin həcmi 94 % təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilir. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Qovşaq körpülərində işlərin 99,2 %-i, hidravlik körpülərdə işlərin 98,5 %-i yerinə yetirilib.
Bundan başqa yolda 25 ədəd yeraltı keçiddən 13-ü tikilib, 12-i tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağın tikintisi artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidənqurulması çərçivəsində bəzi hissələrdə torpaq işlərinin görülməsi davam edir. Bu istiqamətdə işlər əsasən Ağdaş rayonunun Ləki və Əmirarx kəndlərində aparılır. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə isə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 75,5 %-i görülüb. Yolun işıqlandırılması isiqamətində də işlər davam etdirilir.
Ümumilikdə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 76 %-i görülərək yekunlaşdırılıb.