Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yolun açılışında iştirak ediblər

26 Dekabr 2018- 12:02
11 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yolun açılışında iştirak ediblər

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

Qeyd edək ki, bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.

 

Tikinti layihəsinə uyğun olaraq yeni yol yatağı inşa edilib. Yolun tikintisi zamanı elektrik, rabitə, qaz xətləri dəyişdirilib, transformator məntəqələri köçürülərək yenidən tikilib. Yolboyu işıqlandırma sistemi, yol nişanları, göstərici lövhələr quraşdırılıb. Bu yolun inşası nəticəsində Bakı Dairəvi avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaranıb. Beləliklə nəqliyyat vasitələri Badamdar şossesindən istifadə etmədən birbaşa Şərifzadə küçəsinə və Bakı Dairəvi yoluna çıxa biləcək. Bakı Dairəvi avtomobil yolundan isə nəqliyyat vasitələri istər Ələt-Qazax, istərsə də Biləcəri-Sumqayıt istiqamətlərinə rahat hərəkət edə bilər. Bu isə öz növbəsində, sürücülərin və sərnişinlərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvana çatmasına, Badamdar şossesi, “20 Yanvar” dairəsi və “Şamaxı yolu” deyilən ərazidə xüsusən günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına müsbət təsir edəcək. Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin sakinlərinin rahat hərəkətinin təmin edilməsi, onların şəhərin müxtəlif istiqamətlərinə çıxışı baxımından da yeni yol əhəmiyyəti ilə seçilir.

 

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

Sonra xatirə şəkli çəkdirildi.