Qarabağ bölgəsində 126 metr uzunluğunda yeni körpü inşa edilib

10 Yanvar 2019- 12:30
11 Qarabağ bölgəsində 126 metr uzunluğunda yeni körpü inşa edilib

Regionların nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi vacib məsələlərdəndir. Son illərdə Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı nəqliyyat infrastrukturu layihələri, о cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmiş və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir. Belə ki, bölgə əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işlərinə başlanılmışdı.

 

Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşdırılıb.

 

Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni  körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.

 

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.

 

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib. Belə ki, körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200  qazma dəmir-beton svaylar üzərində quraşdırılıb.

 

Anar Nəcəfli - AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

 

Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və Texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.

 

Qeyd edək ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılmışdı.