Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması davam etdirilir - VİDEO / FOTO

30 Yanvar 2019- 09:34
11 Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması davam etdirilir - VİDEO / FOTO

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin dörd bir yanında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində  41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

 

Uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii faktorların təsirindən respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdir. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından, çıyınlər aşağı səviyyədə idi. 

 

Layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında respublika əhəmiyyətli yolun sözügedən hissəsində tikinti norma və qaydalarına uyğun olaraq müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Hazırda təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində davam etdirilir. Artıq bu hissənin 10 km-liyində torpaq işləri tam olaraq yekunlaşdırılıb, asfaltlanma işlərinə start verilib. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınması işləri aparılır.

 

Tikinti işləri çərçivəsində yolun bəzi ərazilərində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb.Bunun üçün yararsız yol örtüyü və torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı qrunt tökülərək kipləşdirilib, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılıb.Daha son ra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaş materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülüb. 

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.”

 

Yenidənqurma işlərinin aparıldığı 17 km-lik hissənin təqribən 4 km-i Tərtər şəhər ərazisinə düşür. Burda mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, əks-dolğu işləri aparılmaqla kipləşdiriləcək, daha sonra 25 sm hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 sm qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görüləcək. Bunun ardınca bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

 

Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa ediləcək. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min p-metrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görüləcək.

 

Ümumilikdə layihə çərçivəsində çiyin hissələrin 80 min kv.m sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kv.m-dən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşaq, ən əsası 4 respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.