Ağstafada 9.3 km uzunluğa malik yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

21 Yanvar 2019- 14:40
11 Ağstafada 9.3 km uzunluğa malik yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, 2019-cu ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən kompleks tədbirlərə start verilir. Məhz bu çərçivədə Ağstafa  rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

 

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

 

Avtomobil yolu  uzun müddət əsaslı təmir olunmadan  istismar olunduğundan  yol geyimi və yolun əsası  həmçinin torğaq yatağı sel sularının  təsirindən yuyulmuş , hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə  çoxlu sayda çalalar yaranmışdır.

 

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Yol boyu mövcud suötürücü  borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunur. Məhz bu səbəbdən 11 ədəd 300 mm-lik, 2 ədəd isə istismara yaramayan 1000 mm-lik suötürücü borunun çıxarılması, əvəzinə 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi layihədə nəzərdə tutulmuş işlərdəndir. Bundan başqa avtoqreyderlə 6500 paqon-metr küvetlərin açılması işləri də aparılacaq.”

 

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 100 min kv.m-dən çox sahədə tikintisi işləri görüləcək. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı  7 sm, üst layı isə  5 sm  qalınlıqda   iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin 30 min kv.m sahədə  optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin 1500 kv.m sahədə təmiri işlərinin aparılması da nəzərdə tutulub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluöunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşmaqla yanaşı, kənd təsərrüfatının daha da inkişafı hədəflənir.