Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində qəsəbədaxili yolların və küçələrin yenidən qurulması işlərini aparır.
Bakı şəhərində bu il yenidən qurulması nəzərdə tutulan yollardan biri Sabunçu rayonunda yerləşir. Söhbət başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik yolundan gedir.
Yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.
Bunun ardınca yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır.
Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.
Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
“Eni 6 metr olan “Savalan” yaşayış massivinin yolu torpaq əsaslı olduğu üçün vətəndaşların hərəkətində müəyyən çətinliklər yaranırdı. Xüsusən payız-qış mövsümündə bu problem özünü qabarıq şəkildə göstərirdi. Bu səbəbdən yolun əsaslı şəkildə bərpa olunması zərurəti yaranmışdı. Hazırda aparılan yenidənqurma işləri bu problem aradan qaldırılır.”
Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.