Binəqədi rayonunda hazırda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır - VİDEO / FOTO

12 Fevral 2019- 14:29
11 Binəqədi rayonunda hazırda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır - VİDEO / FOTO

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə start verilib.

 

Kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhlədaxili yolları əhatə edir. 

 

Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda  təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə, Biləcəri qəsəbəsində isə Aşıq Şəmşir, Qafur Məmmədov, Xəqani, Xudadat bəy Məlikaslanov küçələri və digər yollarında təmir işləri həyata keçirilir. Sadaladalanan küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək.“

 

Aparılan təmir-tikinti işləri çərçivəsində ortalama eni 6-8 metr təşkil edən yollar boyu köhnə örtük sökülür, yollların yararsızü qruntu qazılaraq çıxarılır əvəzinə yararlı material tökülərək kipləşdirilir, zəruri yerlərdə yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yeni asfalt-beton örtüyü döşənir.

 

Daha sonra yollar və küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

 

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı. Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.