Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur - VİDEO / FOTO

12 Fevral 2019- 16:05
11 Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur - VİDEO / FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocəsən-Lökbatan yolunun 11 km-lik hissəsinin bərpası işlərinə start verilib.

 

Xocəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir.

 

Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

 

Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır.

 

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər daha sonra  hamarlayıcı lay asfalt-beton örtüyü düşənməklə profilə salınacaq.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılacaq. Xocəsən-Lökbatan avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, çiyin hissələr optimal qum-çınqıl qarışığı verilməklə bərkidiləcək. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. “

 

Bundan başqa yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq, kənarlarına 3 min paqon-metr yeni səki daşı düzüləcək.

 

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.