Binəqədi rayonunda qəsəbədaxili 15 küçədə təmir-bərpa işləri aparılıb

5 Aprel 2019- 14:00
11 Binəqədi rayonunda qəsəbədaxili 15 küçədə təmir-bərpa işləri aparılıb

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.

 

İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdə və yollarda aparılır.

 

Yol infrastrukturunun yenidən qurulması işləri Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin, həmçinin “Vorovski” yaşayış massivi və “1 may”  yeni yaşayış massivinin ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi və əsas sosial obyektlərin yerləşdiyi küçə və yollarını əhatə edir. 

 

Cari ilin əvvəlindən sözügedən qəsəbələrdə start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu 7 km-dən çox olan 15 küçənin 50 min kv.m sahəsindətəmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

 

Biləcəri qəsəbəsində - Aşıq Şəmşir, Xəqani, Qafur Məmmədov, Xudadat bəy Məlikaslanov, Asəf Zeynallı küçələri, “1 may” yeni yaşayış massivinin küçələri və 6-cı məhəllə 50,57,68 saylı binaların ətraf yolları təmir edilib.

 

Rəsulzadə qəsəbəsində - Zahid Qəmbərov, Zahid Qəmbərov 1-ci döngə, Aydınbəyov, Əli Məmmədov küçələrində, həminin Baksol küçəsində və bu küçəyə birləşən giriş yollarında təmir-bərpa işləri aparılıb.

 

“Vorovski” yaşayış massivində 2 küçədə - Mahir Qədirov və Koroğlu küçələrində, Binəqədi qəsəbəsində 3-cü mədən küçəsində təmir işləri görülüb.

 

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.