Bakı şəhərinin küçə və prospektlərində tıxacların və sıxlığın aradan qaldırılması məqsədi ilə Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyinin mütəxəssisləri Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə mütəmadi olaraq paytaxtın daha çox tıxac və sıxlıq müşahidə olunan ərazilərində araşdırmalar aparır və müvafiq təkliflər hazırlayırlar.
Son vaxtlar Xətai rayonu, Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində-“Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədi ilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərilib.
Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq Qərarına əsasən Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şossesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyə dönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq qısa müddət ərzində yekunlaşdırılıb.
Hal-hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədi ilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.