Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb

15 Aprel 2019- 16:30
11 Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin dörd bir yanında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində  41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii faktorların təsirindən respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdir. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından, çıyınlər aşağı səviyyədə idi. 

 

Layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində işlər aparılıb. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınıb.

 

Bundan əlavə tikinti işləri çərçivəsində yolun bəzi ərazilərində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb. Bunun üçün yararsız yol örtüyü və torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı qrunt tökülərək kipləşdirilib, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılıb. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaş materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülüb. 

 

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.

 

Yenidənqurma işlərinin aparıldığı 17 km-lik hissənin təqribən 4 km-i Tərtər şəhər ərazisinə düşür. Anoloji işlər burda da aparılıb. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilib. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min p-metrdən çox yeni səki daşı düzülüb.

 

Ümumilikdə layihə çərçivəsində çiyin hissələrin 80 min kv.m sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kv.m-dən çox sahədə təmiri işləri də aparılıb, 12 avtobus dayanacağı inşa edilib. Yol boyu hərəkətin norma təşkili üçün yol nişanları, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

 

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşaq, ən əsası 4 respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.