Molla Cümə və ətraf küçələrdə müasir yol infrastrukturu yaradılır

17 Aprel 2019- 10:26
11 Molla Cümə və ətraf küçələrdə müasir yol infrastrukturu yaradılır

Paytaxt Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.

 

Yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri aparılır.

 

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yataının yararsızq qruntu qazılaraq kənarlaşdırılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir və yeni yol yatağı və yol əsası inşa edilir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir və kənarlarına yeni səki daşları düzülür.

Bundan başqa Molla Cümə küçəsində mövcud yol ayrıcı və dairə də sökülərək yenidən qurulur, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilir. 

 

Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılacaq.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq küçələr boyu zəruri yerlərdə hamarlayıcı, daha sonra iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton  örtüyü salınacaq. Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

 

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması, yol kənarlarında xüsusi parklanma yerlərinin və avtobuslar üçün “cib”li dayanacaqların qurulması, yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur.

 

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun lazımi sayda qüvvə cəlb olunmaqla AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlərin payız aylarına qədər yekunlaşdırılması nəzərdə tutulur.