Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi və Xurşudbanu Natavan küçələrində, həmçinin Yəhya Hüseynov küçəsinin bir hissəsində yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.
Sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.
Sözügedən küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 5.2 km, eni isə ortalama 16 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirdi.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 80 min kv.m-dən artıq sahəni əhatə edib.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzülüb.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.