Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 May 2019- 12:35
11 Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il.