AAYDA bayram və tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

27 May 2019- 14:16
11 AAYDA bayram və tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq ölkəyə xarici qonaqlar və turistlərin gələcəyi, bır sıra bayram tədbirlərinin keçiriləcəyi, həmçinin respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan vətəndaşların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında avtonəqliyyatın hərəkət intensivliyi gözlənilir.

 

Qeyd edilənləri nəzərə alaraq, 2019-cu il 27-29 may tarixlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

 

Agentliyin aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə 27-29 may tarixlərində sutkalıq növbətçilik təşkil edilib.

 

Belə ki, Agentliyin tabeliyində olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən balansda olan avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda Agentliyin (012) 599-79-75 nömrəli “Qaynar xətt”inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tərbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır. 

 

“Qaynar xətt”ə daxil olan məlumatlar isə öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd edilib aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir.