Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib

7 İyun 2019- 14:32
11 Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib

İyunun 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ərazidəki mövcud vəziyyətlə yerində tanış olublar.

 

Tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

 

Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bu körpü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır.