Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də turizm potensialı daha da genişləndirilir.
Yay aylarında aktual olan turizm növlərindən biri də dəniz turizmidir. Dəniz turizmi istiqamətini inkişaf etdirmək və insanların Xəzər dənizində səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulur.
Bu tapşırığın icrası ilə əlaqədar olaraq dəniz mövsümü öncəsi 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yolu yenidən qurulub.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edən Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə, bu yoldan istifadə edən vətəndaşlarımızın gediş-gəlişinə maneə yaratmadan icra olunub.
1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.
Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma işləri 180 min kv.m-dən çox sahəni əhatə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla dəniz turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.