Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan 9-cu Beynəlxalq Yol İnfrastrukturu və İctimai nəqliyyat “Road & Traffic 2019” sərgisində uğurla çıxış etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ikitərəfli görüşlərdə fəal iştirakına və ən yaxşı stend dizaynına görə sertifkatlara layiq görülmüşdür.
Qeyd edək ki, Agentliyin sərginin işinə töhfəsi bununla kifayətlənməmiş, 12 iyun tarixində “Yol Təhlükəsizliyi” mövzusunda keçirilən panel müzakirələrdə qurumun İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov və Hərəkətin təşkili və təhlükəsizliyi şöbəsinin mütəxəssisi Anar Sadıxov fəal iştirak etmişlər. Belə ki, sözügedən panel müzakirələrdə Rəşad Ələkbərov “Yol infrastrukturunda İT xidmətləri və data-nın önəmi” mövzusunda, Anar Sadıxov isə “Yol keyfiyyətinin yol infrastrukturuna təsirləri” mövzusunda çıxış etmişdir.
Çıxışında Magistral Avtomobil Yolu 3 Layihəsi çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşən “Azərbaycanda avtomobil yollarının vəziyyətinə və inventarizasiyasına aid məlumatların toplanılması” müqaviləsinə toxunan Rəşad Ələkbərov, Azərbaycanda avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və institusional sahədə həyata keçirilən islahatlardan, eyni zamanda “Yol Məlumat Bazası”nın fəaliyyətindən söz açmış, adıçəkilən məlumat bazasında mövcud olan yol nahamarlığı və təkər izləri, körpülərin texniki vəziyyəti, hərəkətin şiddəti, eləcə də yolun təhkim zolağının təsvirlərinə və yol örtüyünün səthində baş verən əyilmələrə, o cümlədən dağılmalara dair verilənlər əsasında yol şəbəkəsinin illik dinamikasına dair dəyişikliklərə aid təhlillərin aparılması, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər maraqlı tərəflər üçün hesabatlar hazırlamaqla strateji tədbirlərin hazırlanması, şəbəkənin planlaşdırılmasına köməkliyin göstərilməsi və yaxın gələcəkdə yol şəbəkəsinin inkişaf dinamikasına dair proqnoz göstəricilərinin hazırlanmasının mümkünlüyündən söhbət açmışdır.