Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, 2019-cu ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən kompleks tədbirlər davam etdirilir. Məhz bu çərçivədə Şəki rayonunda 2 yol infrastrukturu layihəs icra olunur. Onlardan birində,Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda isə yenidənqurmça işlərinə yenicə start verilib.
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir.
Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması, eyni zamanda atmosfer və suvarma sularının yolun torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə yaşayış məntəqələri daxilində zəruri yerlərdə beton küvetlərin çəkilməsi məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verildi. Yenidənqurma işləri 300 min kv.m-dən çox ərazini əhatə etdi.
Tikinti norma və standartlarına uyğun olaraq yollar boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb.
Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlər tikilib, 2 laydan ibarət yol əsası salınıb. Hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri aparılır.
Əyriçay üzərində yerləşən və 60 metr uzunluğa malik avtomobil körpüsünün metal konstruksiyadan ibarət məhəccərlərin korroziyaya uğrayaraq əyildiyi, təkərqaytaran bloklarda aşınmalar, çatlar və sınmalar əmələ gəldiyi, hərəkət hissəsində asfalt örtük yararsız vəziyyətə düşdüyü üçün körpü əsaslı şəkildə təmir-bərpa olunur.
Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan borular yararsız vəziyyətə düşmüşdü. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 1132 paqon-metr uzunluğunda yeni metal və dəmir-beton borular quraşdırılıb.
Anoloji işlər Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərini birləşdirən avtomobil yolunda da aparılır. Sözügedən yolun Orta Zəyzid kəndinə qədər olan 5 km-lik hissəsi III, Baş Zəyzid kəndinə qədər olan 2.2 km-lik hissəsi isə IV texniki dərəcələrə uyğun təkmilləşdirilir.
Layihə çərçivəsində yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır. Ardınca lazımi hündürlükdə əsasın alt və üst layının tikintisi işləri görülərək, yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Bu işlər 50 min kv.m-ə yaxın sahəni əhatə edir.
Yol boyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən 15 nöqtədə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılacaq, 15 metr uzunluğunda su keçidi inşa ediləcək, yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün 1600 paqon-metr uzunluğunda dəmir-beton küvetlər tikiləcək.
Layihənin sonuncu mərhələsində hər iki layinə üzrə zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edəcək.