Bakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır

27 İyul 2019- 09:16
11 Bakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

 

Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.

 

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.

 

Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.

 

Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir.

 

Anoloji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir. Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kv.m sahədə artıq bitib.

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.