Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur

1 Avqust 2019- 09:26
11 Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur

Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.

 

Başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 28-ci km-dən götürən yerli əhəmiyyətli Tıxlı yolunun uzunluğu 2 km-dir və çınqıl örtüklü olmaqla IV texniki dərəcəlidir.

 

Mövcud yol uzun illər təmir olunmadan istismar olunduğundan, həmçinin atmosfer və qrunt sularının təsirindən torpaq yatağı və yol əsası güclü deformasiyaya uğramış, örtükdə qabarma və çökmələr əmələ gəlmişdir. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildə Dövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır.

 

Yolun kəndin daxilində, yaşayış məntəqəsindən keçən hissəsində torpaq yatağının eni 6-7 metr təşkil edir. Bundan başqa yolun 270 m məsafədə dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılıb.

 

Belə ki, yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.

 

Layihəyə uyğun olaraq optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb. Ümumilikdə yol boyu 12 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

 

Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması ehtiyac olduğu üçün bu çərçivədə müxtəlif diametrli 160 paqon-metr metal və dəmir-beton boruların quraşdırılması işləri aparılır, avtoqreyderlə 1600 paqon-metr küvetlər açılır.   

 

Layihənin sonuncu mərhələsi üzrə çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, 12 yol nişanı və 80 siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

 

Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.