Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev 02 avqust 2019-cu il tarixində Xızı rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Xızı rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Xızı rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.
Qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.