Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır

5 Avqust 2019- 13:39
11 Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.

 

 

Bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsasıə şəkildə təmir edilir. Yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

 

 

Qara və çınqqıl örtüklü IV texniki dərəcəli Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib.

 

 

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır.

 

 

Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılır. Yolun 250 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

 

 

Bundan başqa avtomobil yolunun müxtəlif  hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdqyqndən, borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından və istismar üçün yararsız vəziyyətə düşdüyündən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 630 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib, həmçinin mövcud 8 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılıb.

 

 

Tikinti işlərinin sonuncu mərhələsində 18 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 172 yol nişanı və məlumatverici lövhə, 40 km göstəricisi və 1620 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.