Paytaxt Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.
Yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri yekunlaşmaq üzrədir.
Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yataının yararsızq qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı, həmçinin yol əsası inşa edilib.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni səki daşları düzülüb. Bundan başqa Molla Cümə küçəsində mövcud yol ayrıcı sökülərək yenidən qurulub, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq küçələr boyu zəruri yerlərdə hamarlayıcı, daha sonra iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlərdə tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.
Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür. Bundan başqa yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün “cib”li dayanacaqlar qurulur.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun lazımi sayda qüvvə cəlb olunmaqla AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.