Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx, həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Avtomobil yollarının ümumi uzunluğu 37 km təşkil edir.
Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi.
Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kv.m-dən çox sahəni əhatə edib.
Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, mövcud suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1.9 km uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüklərinin alt və üst layları 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 km uzunluğa malik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub.
Təbii ki, sözügedən yollar torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalıb, ən əsası respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib. Bununla da yol boyu yaşayan 18 mindən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olub, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur.