Ceyhun Səlimov küçəsində 7 ildən sonra hərəkət bərpa olunub

23 Sentyabr 2019- 08:22
11 Ceyhun Səlimov küçəsində 7 ildən sonra hərəkət bərpa olunub

Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.

 

İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı  bərpa olunaraq sürücülərin sitifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağı avtoqreyderlə profilə salınıb, optimal  qum-qırmadaş  qarışığından əsas işlənilib. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınıb.

 

Uzunluğu 550 metr olan küçənin sözügedən hissəsi boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

 

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

 

Aparılan işlər çəçivəsində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində, yol ötürücüsünün altından keçən hissəsində də təmir-bərpa işləri aparılıb. Bütün sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

 

Ceyhun Səlimov küçəsinin yenidən istifadəyə verilən hissəsi Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə avtonəqliyyat vasitələrinin axınına, günün pik saatlarında bu ərazidə yaşanan sıxlığın azalmasına müsbət təsir göstərəcək.