Uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi yenidən qurulur

26 Sentyabr 2019- 08:52
11 Uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər Səbail rayonundan da yan keçməyib. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, hazırda Səbail rayonu Gülbala Əliyev küçəsində yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində tədbirlər görülür.

 

Uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Çünki yolun torpaq yatağı və yol əsası istismar müddətini keçib, üstəlik yeraltı kommunikasiya xətlərinin olmaması və ya sıradan çıxması yol əsasını yararsız vəziyyətə salıb. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.

 

Layihəyə uyğun olaraq, küçənin mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib.

 

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yol boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.

 

Vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.8 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq məqsədi ilə yeni işıqlandırma sistemi qurulub.

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

 

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Qeyd edək ki, bundan öncə Elçin Əzizov küçəsində də təmir işləri həyata keçirilib. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçənin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir.

 

Ümumilikdə Səbail rayonu üzrə təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.