Paytaxtın Yasamal rayonunda yeni yol infrastrukturu yaradılıb

12 Oktyabr 2019- 10:30
11 Paytaxtın Yasamal rayonunda yeni yol infrastrukturu yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri yekunlaşıb.

 

Şəfayət Mehdiyev küçəsinin sözügedən hissəsinin əvvəllər çox ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Bu üzdən Tbilisi prospekti və Hüseyn Cavid parkı istiqamətindən gələn avtonəqliyyat vasitələri məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən günün pik saatlarında həmin prospektin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığa və tıxaca səbəb olurdu.

 

AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 m-ə çatdırılıb. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü aparılıb.

 

Söküntü işləri aparılmış ərazilədə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası inşa edilir və bunun ardınca asfaltlanma işləri aparılıb. Bu çərçivədə küçəyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü söşənib.

 

Layihə uyğun olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 2-4 metr enində yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılıb.

 

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

 

Artıq istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan avtonəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərkətlərinə davam edə bilirlər.