Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.
Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Uzun müddət təmir olunmadan istismarı və təii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.
Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilir. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kv.m sahəni əhatə edir. Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihə üzrə aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanları və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Sözügedən yolda yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.