Nizami rayonu Bəkir Çobanzadə küçəsinin ilkin olaraq bir hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla müasir səviyyədə təmir edilərək sürücülərin ixtiyarına verilib.
Təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsinin 600 metrlik ərazisində aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, yeraltı kommunikasiya xətləri ( qaz, su, istilik, elektrik, rabitə ) yolun hərəkət hissəsindən kənara köçürülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənib. Ərazinin 2 qat olmaqla 14 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1200 paqon metrə yaxın yeni səki daşları düzülüb.
“Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirmə işləri də aparılıb. Nəticədə yolun hərəkət hissəsi bəzi yerlərdə 5 metrə yaxın genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərib.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.