Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib

28 Oktyabr 2019- 14:32
11 Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib

Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılış mərasimində iştirak edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq hazırda ölkəmizin regionlarında infrastrukturun təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması diqqət mərkəzindədir. Bu baxımdan dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında respublikamızda kənd yollarının inşası və yenidən qurulması da geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişlənir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına da təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin ehtiyat fondundan da əlavə vəsait ayrılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

 

Sonra dövlətimizin başçısına rayonun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə kəndlərarası avtomobil yollarının tikintisi üçün ayrılmış vəsait hesabına 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini əhatə edən bu yolun tikintisi məqsədilə 18,7 milyon manat vəsait ayrılmışdır. Dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 40,5 kilometrdir.

 

Prezident İlham Əliyevə Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, tamamilə yenidən qurulmuş bu yol 12,8 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Yolun ümumi uzunluğu 27 kilometrdir.

 

Dövlətimizin başçısı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

 

Sonda xatirə şəkli çəkdirildi.