Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub.
Uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.
Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur.
Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi. Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5.2-7.5 m təşkil edirdi.
Yolun əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qurunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu hissələrdə torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri vacib idi. Yolun bəzi hissələrində uzunluğu 305 m olan dərələr yerləşir və torpaq yatağının eni burada 5-6 m təşkil edirdi. Bu hissələrdə torpaq yatağının enini almaq məqsədilə yararlı qrunt gətirilərək tökmədən istifadə etmək lazım idi. Həmçinin təhlükəsizlik məqsədilə hər iki tərəfdə əyrixətli dəmir tirlərin quraşdırılması vacib idi.
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirildi.
Bu işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 416 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrinfə hər iki tərəfdən 610 paqon-metr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb.
Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradıb.