Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

18 Noyabr 2019- 08:56
11 Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir.Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması yekunlaşmaz üzrədir.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.

 

Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulur. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.

 

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisinin tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

 

Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

 

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

 

Bundan başqa yol boyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.

 

Hazırda yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ biləcəklər, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara biləcəklər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı hədəflənir.