Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev dekabr ayının 13-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinlərinin müraciət və şikayətlərinə baxılıb.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.