Paytaxt Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə tətbiq edilib. Burda təqribən 250 kvadrat metr sahədə rəngli asfalt-betondan istifadə olunub. Rəngli asfalt-betondan istifadə olunaraq asfaltlanmış ərazinin uzunluğu isə 1 kilometrə yaxındır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan eyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yol ayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır. Çünki atılmış addım özünü doğrultsa gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən səkilərə, piyada zolaqlarına, dairələrə və sair bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər.