Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Bakı şəhərinin küçə və yollarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Bu çərçivədə Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində aparılan təmir işləri yekunlaşıb.
Təmir işləri küçənin 900 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Eni ortalama 15-16 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 16 min kv.m-ə yaxın sahəni əhatə edib.
Bundan başqa aparılan əsaslı təmir işləri zamanı küçə boyu kommunikasiya xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib, xətlərin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.
İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, Abbasqulu Abbaszadə küçəsi də daxil olmaqla 2019-cu il ərzində Səbail rayonu ərazisində ümumi uzunluğu 6 km olan 7 küçədə ( Nigar Rəfibəyli, Elçin Əzizov, Zərgərpalan və Abbasqulu Abbaszadə küçələri, Salyan şosesi 2-ci döngə yolu, Bayıl qəsəbəsi Yaşar Bədəlov və Yüzbəy Mürsəlov küçələri) təmir işləri aparılıb.