Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilir.
İmzalanan sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə 8.7 mln.manat ayrılıb.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-ə yaxındır.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bu Biləcəri qəsəbəsi üzrə T.Yaqubov, Vidadi, İ.Kərimov və M.S.Ordubadi küçələri, Nurlu yaşayış massivi döngə 1, Rəsulzadə qəsəbəsi üzrə H.Hacıbababəyov və İ.Hacıyev küçələri, Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi, Xocəsən-Binəqədi yolu 5-ci döngə, Baksol yaşayış massivi Daşqınlar küçəsinin 10 döngəsi, Xocəsən qəsəbəsi üzrə R.Allahverdiyev küçəsi və döngələri, Gülüstan küçəsi döngə 15 və Anadolu küçəsidir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Binəqədi rayonunda 26.8 km uzunluğunda olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 km-dən artıq uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 600 min kv.m sahəsində asfaltlanma işləri aparılıb.