Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, eyni zamanda günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edilib və bu gün Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyi qeyd edilib.
Xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğu vurğulanıb və əlavə edib ki, bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub.
Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bir sözlə Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi.
Qeyd olunub ki, bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, dövlət başçısı tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan İdarə Heyətinin sədri bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. Prezident İlham Əliyev əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb.