2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

28 Yanvar 2020- 13:30
11 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib.

 

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra dövlət agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

 

Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.

 

Qeyd olunub ki, ölkə başçısının sədrliyi ilə 2019-cu il 11 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoyaraq bildirmişdir ki, 2019-cu ildə ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.

 

Bu tapşırıq Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376.6 km uzunluğunda 56 layihə başa çatıb. Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

 

Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri  yerinə yetirilmişdir.

 

Kollegiya iclası zamanı o da xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.

 

Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən, 2020-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.

 

Qeyd olunub ki, 2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. Bundan başqa cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.