Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qəbələ rayonunda uzunluğu 28 km olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
Hazırda yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır. Bunun üçün yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır. Tikintinin əhatə edəcəyə sahə 250 min kv.m-dən çoxdur.
Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılamsı, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə nəzərdə tutulmuş işlərdəndir.
Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görüləcək, yol birləşmələri təmir ediləcək, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidiləcək. Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. Belə ki, yolun təqribən 160 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.
Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 28 km uzunluğa malik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyətli yol arasında əlaqələndirici funksiyasını daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarını rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.
Bundan başqa Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına, həmçinin ərazidi boyu turizm imkanlarının genişlənməsinə, yeni turizm marşrutlarının yaradılmasına və bununla da bölgədə turizmin inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatı və turizmin inkişafı isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.