Turizm imkanlarını genişləndirən yolun yenidən qurulması bu il yekunlaşır

10 Fevral 2020- 08:54
11 Turizm imkanlarını genişləndirən yolun yenidən qurulması bu il yekunlaşır

Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

 

Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

 

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.

 

Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

 

Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min paqon metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunub, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklib.

 

Bundan başqa yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır.

 

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

 

Hazırda avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılır, 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bənd qurulur. “Təngə dərəsi” kimi tanınan ərazidə, Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metr olacaq. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.

 

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.