Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən mühüm tədbirlər çərçivəsində Yevlax rayonu əarzisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-dən götürən Yevlax rayonunun Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdır. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yol boyu yaşayan vətəndaşların ürəyincə olub.
8 km uzunluğa malik Xaldan-Ərəş-Meyvəli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində işlər aparılır.
Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülür. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilir. Ümumilikdə sözügedən torpaq işləri 80 min kv.m-dən çox ərazini əhatə edir. 32 min kv.m-ə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də nəzərdə tutulub.
Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.
Yol əsası hazır olan hissələr texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanacaq. Bu işlər 50 min kv.m-ə yaxın ərazini əhatə edəcək.
Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılacaq, yolun xətlənməsi işləri görüləcək.
Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.