“Hacıqabul – Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsi
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən “Qədim ipək yolu”nun bir hissəsi olan “Hacıqabul – Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsinin icrasına 2011-ci ilin dekabr ayında başlanılıb.
Layihə üzrə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü kilometrlik ( 80 km ) Hacıqabul-Kürdəmir yolunun eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasın alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 sm-dir ( bitumlu lay 12 sm.,əlaqələndirici lay 8 sm., aşınma layı 5 sm.)
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Girdman çayı üzərində köhnə hidravlik körpünün gücləndirilməsi ilə svay vurma işləri aparılıb.
Bundan başqa yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi yol boyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi aparılıb, yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilib.