Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulub

22 Aprel 2020- 11:40
11 Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulub

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yollarda təmir-tikinti işləri davam etdirilir.

 

Bu çərçivədə Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi əsaslı şəkildə yenidən qurulub. Sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülüb.

 

Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

 

İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınması və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilib. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilib. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilib. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilib və qarışdırılıb. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb və kipləşdirilib.

 

Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxarır.  

 

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin ardınca asfaltlanma işləri görülüb.

 

Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənib. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri də aparılıb.  

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yola üfiqi nişanlanma xətləri çəkilib.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.