Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb.
Bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.
17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb.
Yol boyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardır. Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.
Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınır, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılır, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilir, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilir.
Bundan başqa yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 paqon-metr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, boru başlıqları dəmir-betonla inşa edilir, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçdii inşa edilir, yolun 1-ci km-də yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur.
Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır və yol 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.